Azerbaijan / Azərbaycan

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda müstəqil mətbuat orqanları fəaliyyətlərini çətin şəraitdə davam etdirirlər. İnsan haqları, korrupsiya, siyasət, sosial problemlər və sair mövzuları işıqlandıran müstəqil mətbuat qurumlarının üzləşdiyi ciddi maneələr onları xaricdən maliyyə dəstəyi almağa və ya könüllü fəaliyyətlə məşğul olmağa məcbur edir. Belə KİV-lər geniş auditoriyanın diqqətini cəlb etdiyi zaman ya fəailiyyətlərinə xitam verilir, ya da müxtəlif hədələyici hərəkətlərə məruz qalır; bu səbəbdən belə mətbuat orqanları müxtəlif sosial media kanalları vasitəsilə  informasiya blokadasını yarmağa çalışırlar. 

ÜMUMİ MƏLUMAT

Əsasnamədəki media təşkilatları
12
Təşkilatın növü
  • Ticarət məqsədli: 0.0%
  • Qeyri-ticarət məqsədli: 91.7%
  • Hər ikisi: 8.3%
  • Təsis olunmayıb / qeydiyyatdan keçməyibr: 0.0%
Təsisçilərin cinsiyyəti
  • Kişi: 78.6%
  • Qadın: 21.4%
Əhatə dairəsi
  • Hiperyerli: 0
  • Beynəlxalq: 0
  • Yerli: 0
  • Milli: 12
  • Regional: 0

Pandemiya, iqtisadi qeyri-sabitlik, dezinformasiya və müharibənin səbəb olduğu və çoxunun “medianın ölümü” kimi xarakterizə etdiyi hadisələrin fonunda çox sayda müstəqil mətbuat orqanları meydana çıxdı.

Son on ildə ənənəvi medianın təsiri azalmağa davam etsə də, rəqəmsal yerli media bütün Avropada çiçəkləndi, mətbuat çöllərini doldurdu, məyus auditoriyaları cəlb edərək həyati vacib  məlumatların paylaşılmasında yeni cığırlar açdı.

Araşdırma apardığımız ən az 40 ölkəni xarakterizə edən siyasi, iqtisadi və dil fərqlərinə baxmayaraq, Project Oasis-də təqdim olunan 540 rəqəmsal yerli media təşkilatı bir çox ümumi çağırışlar və fürsətlərlə qarşı-qarşıyadır.

Araşdırmalara əsasən:

  • Bu media təşkilatları gənc auditoriyaya hədəflənmiş sosial media kanallarından istifadə edir, senzuradan yayınmaq üçün Telegram vasitəsilə xəbərlər yayır və diqqətdən kənarda qalmış icmalara çatmaq üçün jurnalistlərə təlimatlar verirlər.
  • 85% – dən çoxu miqrasiya, qaçqınlar, cinsiyyət və feminizmlə əlaqəli mövzular da daxil olmaqla cəmiyyət və insan Hüquqları məsələlərinin əhatə dairələrinin əsas sahələri olduğunu dilə gətirdi.
  • 50% – dən çoxu araşdırma jurnalistikasına vəsait ayırır və bir çoxu beynəlxalq hadisələri işıqlandırmaq üçün ittifaqlar qurur.
  • Hesabatda qeyd olunan media işçilərinin 58% – dən çoxunu qadınlar təşkil edir. Onlar sıx əməkdaşlıq əlaqələri qurur və əksəriyyətinin iki və ya daha çox həmtəsisçisi mövcuddur.
  • Həm kişilərdən, həm də qadınlardan ibarət komandalar tərəfindən qurulan media orqanları ildə orta hesabla 509.740 avro olmaqla yüksək gəlir əldə etdiyini bildirdi.
  • Biznesin inkişafına sərmayə qoyan şəxslər daha dayanıqlı təşkilatlar yaratmağa nail olurlar. Özünü gəlir əldə etməyə həsr etmiş ən azı bir işçisi olan media təşkilatları belə işçiləri olmayan təşkilatlara nisbətən orta illik gəlirin altı dəfə çox olduğunu bildirdi: €95,629 ilə müqayisədə €598,539.
  • Tədqiqatda iştirak edən media orqanlarının yarısından çoxu qeyri-kommersiya təşkilatlarıdır, bir çox kommersiya qurumu isə qazanc əldə etməkdən daha çox jurnalistikaya sərmayə yatırır.
  • Qeyri-kommersiya mediası arasında əsas gəlir mənbələri qrant, fərdi ianələr və abunələrdir (bu ardıcıllıqla). Əsas gəlir mənbələrinə bunlar aiddir: reklam, Veb sayt abunəliyi və qrantlar.
  • Qazanc müxtəlifliyi əsasdır, lakin həddən artıq resursun mövcudluğu da daha böyük uğurla əlaqələndirilə bilməz. İki və ya altı gəlir mənbəyinin inkişaf etdirilməsi davamlı fəaliyyət və müstəqillik baxımından optimal variantdır.
  • Yerli rəqəmsal media təşkilatları könüllüləri tərəfindən idarə olunan kiçik startaplardan, hər ay milyonlarla baxış toplayan və ildə milyonlarla avro qazanan yüksək gəlirli çox platformalı şirkətlərə qədər müxtəliflik nümayiş etdirir.
  • Bu tədqiqatda iştirak edən bəzi media oqanlarının 20-dən çox yaşının olmasına baxmayaraq, yarısından çoxu son on ildə yayıma başlayıb. Media qurumlarının ən çox yaradıldığı dövr 2016-cı ilə təsadüf edir.

Davamlılıq çətin işdir və uğur əldə etməyin sadə üsulu yoxdur. Bununla yanaşı, müsahibə götürdüyümüz media rəhbərlərinin əksəriyyəti icmalarına xidmət etmək üçün lazımi dəstəyi əldə etməyin mümkün olduğunu sübut edirlər.

“Oliqarxlara və paywall-a yox deyək. Sadəcə sizin ianələriniz və bizim fəaliyyətimiz” –  2009-cu ildə yaradılmış Çexiyanın yerli rəqəmsal qurumu Deník Referendumunun şüarıdır. Baş redaktor Yakub Patočka bizə öz üsullarından bəhs etdi: “Məqalələrimizi [şərh bölməsində] müzakirə etmək istəyən oxucular ödəniş edirlər. Bu yanaşma sadə gəlir mənbəyi olmaqla yanaşı, eyni zamanda müzakirəni inkişaf etdirməyə kömək edir.”

Abunəçilərin töhfələri hesabına maliyyələşdirilən media qurumları direktivdə nəşr olunanlar arasında ən maraqlı modellərdir. Böyük Britaniyadakı The Bristol Cable qurumunun üzvləri həm də “açıq səhmdarlardır”, yəni onlar təşkilatın illik ümumi yığıncaqlarında iştirak edə, redaksiya kampaniyalarında səs verə və qeyri-icraçı direktorlar şurasına seçkilərdə iştirak edə bilərlər.

Direktiv yaratmaq üçün seçdiyimiz media layihələrinin əksəriyyəti məhdud resursları və biznes təcrübəsi olan jurnalistlər tərəfindən başladılıb, lakin bu (və bir çox digər) çətinliklərə baxmayaraq, onların əksəriyyəti gələcək illərdə layihələrin inkişaf etdiriləcəyini dilə gətirdi.

Layihələrin bəziləri media sahəsində çalışan oxuculara yaxşı tanışdır, lakin inanırıq ki, Avropada araşdırdığımız bir çox ilhamverici nümunələr arasında bəzi sürprizlərlə qarşılaşacaqsınız. Bununla yanaşı, Project Oasis-in bu ilk versiyasının Avropa direktivinə daxil edilməli olan bütün medianı təmsil etdiyinə dair iddia irəli sürmürük.

Araşdırmada əldə etdiyimiz tapıntıların əksəriyyəti əvvəlki tədqiqat layihələrimizə uyğun gəlir və biz daha geniş konteksti, müqayisə nöqtələrini göstərmək üçün yuxarıda qeyd olunan bütün tapıntıları aşağıdakı hesabatda daha dərindən araşdırırıq. 

2015-ci ildə Latın Amerikası, İspaniya və ABŞ-ın ispandilli icmalarında oxşar media axtarışına başladığımız ərəfədə SembraMedia-da hazırladığımız üsullardan istifadə edərək bu tədqiqat layihəsini həyata keçirdik. 2022-ci ildə Project Oasis-ə başladığımız vaxtdan etibarən bu layihə üzərində ən az 30 dildə layihə tərtib edən, təhlil edən və müsahibələr aparan yerli təcrübəyə malik 34 tədqiqatçı ilə yanaşı, ən az 60 nəfər işləmişdir.

Qeyd etməliyik ki, bu hesabat və media direktivi Avropadakı bütün müstəqil rəqəmsal medianın yekun, tam siyahısını təmsil etmir. Ümid edirik ki, bu, inkişaf etdirəcəyimiz hazırki tədqiqat layihəsinin yalnız ilk addımıdır.

Tədqiqatçılarımızla ünsiyyət qurmaq üçün gərgin iş günlərində onlara səxavətlə vaxt ayıran media rəhbərlərinin yenilikçiliyindən, qətiyyətindən, cəsarətindən və tez-tez mükafata layiq görülən jurnalistikasından ilham alırıq.

Əvvəlki araşdırmalardan öyrəndiyimiz kimi, Project Oasis direktivində yer alan media orqanlarının növlərini əsas tutmaq mətbuat orqanlarının liderlərinə bilik mübadiləsi aparmağa, əməkdaşlıq etməyə kömək edə bilər, həmçinin işlərini davam etdirmək üçün onlara ehtiyac duyduqları və layiq olduqları həyati vacib dəstəyi verəcək təşkilatlardan daha çox görünürlük və təsdiq əldə etməyə yardımçı ol bilər.  

Mətbuat azadlığı

2022-ci ildə Azərbaycan Sərhədsiz Reportyorların Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb və azad mətbuatın olmadığı ölkələr siyahısına daxil edilib. 2022-ci ilin sentyabr ayında müstəqil mətbuat orqanı kimi tanınan və geniş auditoriyaya malik “Xural” media qrupunun təsisçisi və baş redaktoru Əvəz Zeynallının rüşvətxorluq ittihamı ilə həbsi beynəlxalq müşahidəçilər tərəfindən ölkədə söz azadlığının qarşısının alınması üçün növbəti cəhd kimi qiymətləndirilib. Əvəz Zeynallı ilə yanaşı, xeberman.com saytının təsisçisi Polad Aslanov və bloger Eyvaz Yəhyaoğlu öz fəaliyyətlərinə görə hələ də həbsdədirlər. 

Əvvəllər Azərbaycanda internet məkanında nisbi də olsa müəyyən qədər azadlıq var idi. Son illərdə isə hökumət vaxtaşırı sosial media kanallarına məhdudiyyət qoya bilir. Məsələn, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə və daha sonrakı kiçik miqyaslı hərbi toqquşmalar zamanı ölkədəki əsas sosial media kanallarına qadağalar tətbiq olunub. Bu, beynəlxalq müşahidəçilər tərəfindən hərbi əməliyyatlar zamanı əhalinin alternativ informasiya mənbələrindən məlumat əldə etməsinin qarşısının alınması kimi qiymətləndirilib. 

Əlavə olaraq, yerli və beynəlxalq müşahidəçilər ölkədə 2022-ci ildə qəbul edilmiş Media haqqında yeni qanunun internetdə fəaliyyət göstərən mətbuat qurumlarına ciddi mənfi təsir göstərəcəyini və senzura ilə nəticələnə biləcəyini hesab edirlər. Media eksperti Ələsgər Məmmədli hesab edir ki, yeni qanunun məqsədi müstəqil ənənəvi mətbuatı əvəz edən və daha plüralist olan yerli onlayn mətbuatın təsir dairəsini azaltmaqdan ibarətdir. Məmmədlinin sözlərinə görə, yeni qanunun məqsədi ümumilikdə ziyalı şəxsləri və mətbuat resurslarını “faktiki olaraq susdurmaqdan” ibarətdir.

Bazar strukturu və hökmranlıq

Azərbaycanın media qanunvericiliyinə əsasən, media dövlət və özəl sektoru əhatə edən dörd kateqoriyaya bölünür: audiovizual media, onlayn media, çap mediası və informasiya agentlikləri. İllərdir, Azərbaycanda medianın bütün növlərinə dövlət tərəfindən ciddi nəzarət olunub. Habelə, xüsusilə 2014-cü ildən sonra qeyri-hökumət təşkilatlarına və müstəqil media qurumlarına qarşı hücumların artması nəticəsində Meydan TV, Azadliq.org, Abzas.net və sair kimi media resursları ölkədə ciddi hədə-qorxu ilə üzləşib və fəaliyyətlərinə məhdudiyyət tətbiq olunub. 

Media necə maliyyələşdirilir

Mediadakı mövcud mühitə görə reklamçılara müstəqil və ya qismən müstəqil media resurslarında reklam yerləşdirmək maraqlı deyil. Digər tərəfdən, hökumət və ya hökumət yönlü media qurumları müxtəlif inzibati yollar vasitəsilə külli miqdarda maddi yardım əldə edirlər. Məsələn, hökumətin sadiq jurnalistlərə pulsuz mənzil vermək ənənəsi mövcuddur. Həmçinin iqtidaryönlü media qurumlarına dövlət tərəfindən vaxtaşırı rəsmi maliyyə dəstəyi göstərilir. İddialara əsasən, maliyyə dəstəyi müqabilində bu media qurumlarına dövlət orqanları tərəfindən ölkənin gündəlik informasiya gündəmi ilə bağlı təlimatlar verilir.

Bu araşdırmaya Azərbaycandakı rəqəmsal yerli media təşkilatlarının 12 profili daxil edilib. Araşdırmanın nəticələrinə əsasən, yerli media təşkilatları insan hüquqları, siyasət və korrupsiya kimi cəmiyyəti maraqlandıran mövzuları ictimailəşdirməklə kommersiya uğuru qazana bilməz.  Media geniş auditoriyaya sahib olmaq və peşəkar xidmətlər göstərmək istəyirsə, ölkədən kənarda qrant maliyyə dəstəyi axtarmalıdır. Əgər buna nail olarsa, ölkə daxilində internet fəaliyyətinə məhdudiyyət qoyulur. 

Məsələn, Meydan TV-nin təsisçilərindən biri olan Həbib Müntəzirin sözlərinə görə, təşkilatın məqsədi Azərbaycan cəmiyyətini şəffaf informasiya ilə təmin etməkdən ibarətdir. “Lakin müntəzəm məhdudlaşdırmalar səbəbindən saytın Azərbaycan oxucuları üçün əlçatanlığı azalır”, deyə o qeyd edir. “Meydan TV-yə qarşı tətbiq olunan məhdudiyyətlərdən yayınmaq üçün güzgü sayt yaratdıq, lakin bu yaxınlarda həmin sayt da bağlandı. Nəticədə oxucuların kəskin azalması müşahidə olunur.”

“Abzas Media” təşkilatında da oxşar hadisə baş verib. Təşkilatın təsisçisi Ülvi Həsənlinin sözlərinə görə, “Abzas Media”nın yaranmasında əsas təkanlardan biri 2014-cü ildə Azərbaycanda müstəqil mediaya qarşı hücumların mövcudluğu və nəticədə bir çox media qurumlarının fəaliyyətinin dayandırılması olub. Elə buna görə də, 2016-cı ildə bir qrup jurnalist bu boşluğu aradan qaldırmaq və alternativ xəbərlər təqdim etmək üçün yeni media orqanı yaratmaq qərarına gəlib. Onların məqsədi insan hüquqlarının pozulması, korrupsiya halları və sosial problemləri işıqlandırmaqdan ibarət idi. Amma, media təşkilatı populyarlaşdıqdan sonra, ciddi maneələrə rast gəldi. Saytın fəaliyyətinə məhdudiyyət qoyuldu və Həsənli həqiqi hərbi xidmətə çağrıldı. 

2018-ci ildə Həsənli mülki yaşayışına geri döndükdən sonra “media təşkilatının yalnız proksi linklər vasitəsilə fəaliyyət göstərdiyini və auditoriyasının on dəfə azaldığını aşkar edib”. Azərbaycanda “Abzas Media”-nın əsas veb domeni açılmır və işçi heyəti məhdudiyyətlərdən yayınmaq üçün başqa veb domenlərdən istifadə edir.

Müstəqil media qurumlarına məhdudiyyətlərin qoyulması, tez-tez haker hücumlarına məruz qalmasımedia əməkdaşların təqib olunması Azərbaycanda müstəqil media qurumlarına ciddi şəkildə maneəçilik törədir. Bu cür media təşkilatları yerli auditoriyaya çatmaq üçün sosial mediaya böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bu media qurumlarının sosial şəbəkələrdəki səhifələri digər ənənəvi media orqanlarının səhifələrindən daha populyardır. Populyarlıqlarının artma səbəblərindən biri innovativ üsullardan istifadə etmələridir.

SSRİ-nin süqutundan bu yana artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil ölkədir. Lakin bu müddət ərzində müstəqil media sahəsi institutsionallaşmayıb. Çox parlaq təşəbbüslər olmasına baxmayaraq, onların aradan qaldırılması üçün müvafiq səylər göstərildi. Mətbuatın müstəqil fəaliyyət göstərə bilməməsi ölkədə demokratikləşmə prosesinə ciddi maneə törədir. Bəzi mütəxəssislərin fikrincə, alternativ mediaya qoyulan qadağaların saxlanılması və ölkədə yeni media qanunu kimi qanunvericilik təşəbbüslərinin ortaya çıxması hökumətin yerli media sektorundakı status-kvonu uzun müddət qorumaq istədiyinə işarədir.

Son yenilənmə Yanvar 2023